
Keratokonus – buynuz qişanın distrofik dəyişikliyi nəticəsində onun konusvari deformasiyası və görmə qabiliyyətinin zəifləməsi ilə xarakterizə olunur. Keratokonus zamanı görmə itiliyi proqressiv şəkildə azalır, əşyaların təsviri təhrif olunur, göz önündə qığılcımlar və zolaqlar əmələ gəlir, monokulyar diplopiya yaranır. Bəzən ağrı sindromu və buynuz qişanın bulanması müşahidə olunur.
Diaqnostika prosesində skiaskopiya, biomikroskopiya, oftalmometriya, kompüter keratometriya, koherent tomoqrafiyanın nəticələri nəzərə alınır. Keratokonusun müalicəsində mikrocərrahi üsul – kross-linkinqdən, buynuz qişa halqalarının implantasiyasından və ya keratoplastikadan istifadə edilir.
Yaranma səbəbləri
Oftalmologiyada keratokonusa 0,01% – 0,6% hallarda rast gəlinir. Xəstəliyin hər iki cinsin nümayənədələri arasında yayılma tezliyi eynidir. Keratokonusun ilkin təzahürləri adətən cinsi yetişkənlik dövründə müşahidə edilir. Bəzən patologiya bir qədər gec – 25-30 yaşlarda inkişaf edir. Keratokonuslu xəstələrdə buynuz qişa öz quruluşunu və formasını itirir: nazilir və konusvari deformasiyaya uğrayır. Bu da yaxından görmənin (miopiya) və qeyri-düzgün astiqmatizmin formalaşmasına gətirib çıxarır. Keratokonus adətən ikitərəfli və asimmetrik olur.
Tədqiqatlar zamanı keratokonusla bronxial astma, ekzema, atopik dermatit, kortikosteroidlərin qəbulu, Addison xəstəliyi, buynuz qişanın mikrotravmaları, piqmentli retinopatiya, keratokonyunktivit, travmatik və ya virus mənşəli keratitlər, anadangəlmə Leber amavrozu, Daun sindromu, Marfan sindromu və s. arasında asılılıq aşkarlanmışdır. Ultarbənövşəyi şüaların, havanın çirklənməsinin, radiasion şüalanmanın buynuz qişaya mənfi təsiri müəyyən edilmişdir.
Keratokonusun təsnifatı
Yaranma mexanizminə görə keratokonusun birincili və ikincili formalara bölünür. İkincili keratokonus əksərən yatrogen səbəblərdən (yatrogen keratektaziya) yaranır. Keratokonus hallarının 95%-i ikitərəfli, 5%-i isə birtərəfli olur.
Amsler təsnifatına əsasən bu oftalmopatologiyanın 4 mərhələsi ayırd edilir:
- I mərhələ silindrik linzalarla korreksiya olunan qeyri-düzgün astiqmatizmlə xarakterizə edilir. Görmə itiliyi 1,0-0,5 təşkil edir.
- II mərhələdə astiqmatizm korreksiyaya tabe olsa da, daha ifadəli şəkil alır. Görmə itiliyi 0,4 – 0,1 hüdudlarında dəyişir.
- III mərhələ buynuz qişanın nazilməsi və qabarması ilə səciyyələnir. Görmə itiliyi 0,12-0,02 səviyyəsinə enir. Korreksiya yalnız sərt kontakt linzalarla mümkündür.
- IV mərhələdə buynuz qişanın konusvari deformasiyası və bulanması müşahidə edilir. Görmə itiliyi 0,02-0,01 təşkil edir və korreksiyaya tabe olmur.
Keratokonusun əlamətləri
Keratokonusun təzahürləri buynuz qişanın deformasiyası nəticəsində meydana çıxır. Əlamətlər yaxındangörmə və qeyri-düzgün astiqmatizmin inkişafı ilə bağlı olur. Xəstəlik proqressivləşdikcə görmə oxları daim dəyişir. Bu isə görmənin tədricən zəifləməsinə və monokulyar diplopiyaya (görmənin ikiləşməsi) gətirib çıxarır. Dəyişikliklər əvvəlcə bir gözdə, sonra isə hər 2 görmə orqanında baş verir.
Keratokonuslu pasiyent eynık seçimi ilə əlaqədar tez-tez oftalmoloqa müraciət edir. Lakin belə hallarda eynək korreksiyası müsbət nəticə vermir. Bu da görmə itiliyinin proqressiv şəkildə azalması ilə bağlıdır. O üzdən yenicə alınmış eynəklə insan artıq seçmə prosesindəki kimi aydın görmür. Yumşaq kontakt linzalar buynuz qişaya söykənmədiyindən zamanla onların istifadəsi mümkün olmur.
Keratokonusun müalicəsi
Keratokonusun gediş xüsusiyyəti (sürətlə proqressivləşməsi, residivləşməyə meyllik) nəzərə alınmaqla müalicə konservativ və ya cərrahı yolla aparıla bilər. Konservativ müalicə yarımsərt linzaların (mərkəzdə – sərt, periferiyada – yumşaq) köməyilə görmənin korreksiyasından ibarətdir. Başlanğıc mərhələlərdə eynək korreksiyası effektiv ola bilər. Xəstələrə vitamin kompleksləri, toxuma terapiyası, immunmodulyatorlar və antioksidantlar; göz damcıları (taurin), ATF və metiletilpiridinolun subkonyunktival və parabulbar inyeksiyaları təyin edilir. Keratokonus zamanı fizioterapiya (maqnitoterapiya, tokoferolla fonoforez və s.) müsbət nəticələr verir.
Keratokonusun erkən mərhələlərində buynuz qişanın qalınlığı lazımi səviyyədə olduqda eksimer lazer prosedurları (FRK+FTK) aparılır. Onların köməyilə astiqmatizm korreksiya olunur, görmə itiliyi yüksəlir, buynuz qişanın ön qatları möhkəmlənir, keratektaziyanın proqressivləşməsi ləngiyir.