Hipermetropiya

Hipermetropiya

Nərminə Rasim qızı Hacıyeva - Tibb üzrə fəlsəfə doktoru, cərrah-oftalmoloq, Amerika Oftalmoloqlar Akademiyasının üzvü, Hatmedicine klinikasının baş həkimi.


Uzaqdan görmə (hipermetropiya) – gözün sındırma qüvvəsinin (refraksiya) anomaliyası olub, əşyaların təsvirinin torlu qişada deyil, onun arxasında fokuslanması ilə xarakterizə edilir. Hipermetropiya zamanı xəstə yaxınlıqda yerləşən obyektləri aydın şəkildə seçə bilmir. Uzaqdan görmə gözlərdə yanğı və yorğunluq hissi, baş ağrıları ilə müşayiət olunur. Diaqnostika prosesində görmə itiliyi təyin olunur, refraktometriya, oftalmoskopiya, skiaskopiya, biomikroskopiya, göz almasının USM aparılır. Müalicə taktikası refraksiya pozğunluğunun dərəcəsindən asılıdır. Xəstələrə optik korreksiya, aparat üsulları (videokompüter korreksiya, lazerstimulyasiya), lazer korreksiya (LASİK, termokeratoplastika), termokeratokoaqulyasiya, hiperfakiya, hiperartifakiya və s. təyin oluna bilər.

Hipermetropiyanın yaranma səbəbləri

Miopiyada (yaxından görmə) olduğu kimi hipermetropiyanın da inkişafının əsasını sındırma qüvvəsinin gözün ön-arxa ölçüsünə uyğun gəlməməsi təşkil edir. Lakin uzaqdan görmə zamanı bu uyğunsuzluq optik mühitlərin nisbi zəifliyi və ya ön-arxa oxun (ÖAO) qısa olması nəticəsində meydana çıxır. Bu 2 mexanizm şüaların torlu qişanın arxasında fokuslanmasına səbəb olur. Hipermetropların bir qismində buynuz qişa və büllurun oprik qüvvəsinin zəifliyinə göz almasının boylama oxunun qısalığı ilə birgə rast gəlinir.

Fizioloji hipermetropiyaya (+2+4 dptr) yenidoğulmuşlarda təsadüf edilir. Onun yaranması göz almasının boylama ölçüsünün kiçik olması (ÖAO-nun uzunluğu = 16-17 mm) ilə izah edilir. 4 dptr uzaqdan görmə dölün yetişkənliyini xarakterizə edir; hipermetropiyanın dərəcəsinin yüksəlməsi adətən mikroftalm zamanı izlənilir və gözün anadangəlmə anomaliyaları (katarakta, görmə siniri diskinin və damar qişasının kolobomaları, aniridiya, lentikonus, qlukomaya meyllik və s.), digər inkişaf qüsurları (dovşandodaqlıq, qurdağızlıq, əl və ayaq barmaqlarının, qulaqların anomaliyaları və s.) ilə müştərək şəkildə inkişaf edir.

Göz almasının böyüməsinin ləngiməsinin səbəbi elmə məlum deyil. Hipermetropların əksəriyyətində 35-40 yaşa qədər gözün siliar əzələsinin daimi gərginliyi hesabına refraksiya zəifliyini kompensə etmək olur. Siliar əzələ bülluru qabarıq vəziyyətdə saxlamaqla, onun sındırma qabiliyyətini yüksəldir. Lakin gələcəkdə akkomodasiya qabiliyyəti zəifləyir, təxminən 60 yaşda kompensator imkanlar tamamən tükənir. Bu da həm yaxında, həm də uzaqda yerləşən əşyaların bulanıq görülməsinə səbəb olur. Nəticədə qocalıq hipermetropiyası və ya prosbiopiya inkişaf edir. Belə vəziyyətlərdə görmə yalnız toplacıyı linzalardan ibarət eynəklə bərpa oluna bilər. Ö üzdən uzaqdan görmə müsbət dioptriya ilə ifadə edilir.

Hipermetropiyanın təsnifatı

İnkişaf mexanizminə görə hipermetropiya aksial və refraksion formalara bölünür. Aksial uzaqdan görmə gözün ön-arxa oxunun qısalığı, refraksion forma isə optik aparatın sındırma qabiliyyətinin zəifləməsi ilə bağlıdır.

Yaşdan asılı olaraq, hipermetropiya 3 formaya ayrılır: uşaqlarda rast gəlinən təbii fizioloji; anadangəlmə; presbiopiya.

Tələb olunan korreksiyanın dərəcəsinə və refraktometriyanın nəticələrinə əsasən uzaqdan görmənin 3 dərəcəsi ayırd edilir:
  • zəif – < +2 dptr
  • orta – < +5 dptr
  • yuxarı –>+5 dptr



Hipermetropiyanın əlamətləri


Hipermetropiyanın zəif dərəcələri cavan yaşlarda heç bir əlamətlə özünü büruzə vermir; akkomodasiya gərginliyi hesabına xəstələr həm yaxını, həm də uzağı yaxşı görürlər. Orta dərəcədə uzağı görmə demək olar ki, pozulmur. Lakin vizual yüklənmə zamanı (yaxın məsafədə yerləşən əşyalara çox baxdıqda) göz yorğunluğu, göz almaları, qaşüstü qövs, alın və burun kötüyündə ağrı, görmə diskomfortu, hərflər və sətirlərin qarışması baş verir. Uzaqdan görmənin yüksək dərəcəsi yaxını və uzağı görmənin ifadəli azalması, astenopik əlamətlər (gözlərdə «qum dənələrinin» olması hissi, baş ağrıları, gözlərin tez yorulması) ilə müşayiət olunur. Orta və yüksək dərəcələrdə göz dibində dəyişikliklər – görmə siniri diskinin hiperemiyası və sərhədlərinin aydın olmaması aşkarlanır.

Pasiyentlər tez-tez gözlərini sürtdüyündən infeksiyalaşma ilə əlaqədar çox vaxt residivləşən blefarit, konyunktivit, itdirsəyi, xalazion inkişaf edir. Böyüklərdə uzaqdangörmə qlaukomanın risk amillərindən sayılır.


Hipermetropiyanın müalicəsi

Hipermetropiya konservativ (eynək və ya kontakt korreksiya), lazer (LASIK, SUPER LASIK, LASEK, EPI-LASIK, ФРК, Femto LASIK) və ya cərrahi üsullarla (lensektomiya, hiperfakiya, hiperartifakiya, termokeratoplastika və s.) müalicə olunur.

Astenopik şikayətlərə rast gəlinmədikdə, hər iki gözün görmə itiliyi 1,0-dan az olmadıqda və binokulyar görmə qeydə alındıqda korreksiyaya ehtiyac yaranmır.

Uşaqlarda eynək üsuluna üstünlük verilir. Məktəbəqədər dövrdə hipermetropiya +3 dioptriyadan yuxarı olduqda eynək daimi şəkildə taxılmalıdır.

Hipermetroplara aparatla müalicə (Ambliokor, Ambliotrener, Sinoptofor və s.), fizioterapiya (boyun-yaxalıq nahiyəsinin masajı, lazeroterapiya, maqnitoterapiya və s.), vitaminoterapiya və bioloji aktiv əlavələr tövsiyə olunur.

+6 dioptriyaya qədər hipermetropiyanın lazer korreksiyası 18 yaşdan sonra apara bilər. LASIK, LASEK, intraLASIK, Super LASIK, EPI-LASIK, fotorefraksion keratektomiya (FRK) geniş tətbiq olunur.

Hipermetropiyanın cərrahiyyəsində büllurun refraksion əvəzlənməsi üsulundan istifadə olunur. Əməliyyat prosesində büllur xaric edilir (lensektomiya) və müvafiq optik qüvvəyə malik intraokulyar linza transplantasiya edilir (hiperartifakiya).