Miopiya

Nərminə Rasim qızı Hacıyeva - Tibb üzrə fəlsəfə doktoru, cərrah-oftalmoloq, Amerika Oftalmoloqlar Akademiyasının üzvü, Hatmedicine klinikasının baş həkimi.


Miopiya (yaxından görmə) – gözün sındırma qüvvəsinin (refraksiya) anomaliyası olub, təsvirin torlu qişada deyil, onun önündə fokuslanması ilə xarakterizə edilir. Miopiya zamanı insan uzaq məsafədə yerləşən əşyaları aydın şəkildə seçə bilmir, yaxını isə əksinə, yaxşı görür. Belə şəxslərdə göz yorğunluğu, baş ağrıları, qaranlıqda görmənin pozulması müşahidə edilir. Diaqnostika prosesində vizometriya, skiaskopiya, refraktometriya, oftalmoskopiya, biomikroskopiya, gözün USM aparılır. Miopiyalı pasiyentlərə səpələyici linzalarla eynək və ya kontakt linzalar təyin olunur. Yaxından görmənin cərrahi üsullarla (lensektomiya, fakik linzaların implantasiyası, radial keratotomiya, keratoplastika, kollagenoplastika) və ya lazer cərrahiyyəsinin (LASIK, SUPER LASIK, LASEK, FRK və s.) köməyilə korreksiyası mümkündür.

Miopiyanın yaranma səbəbləri

Normada uzaq əşyalardan gələn paralel şüalar gözün optik mühitlərini keçərək, torlu qişada fokuslanır. Miopik gözdə isə təsvir torlu qişanın önündə formalaşdığından uzaqdakı obyektlərin şəkli bulanıq alınır. Yaxında yerləşən əşyalardan şüalar bir-birlərindən uzaqlaşaraq, gözün optik mühitində sınır, torlu qişada toplanır və aydın təsvir əmələ gətirirlər.

Uzaq obyektlərin normal şəkildə görünməsi üçün paralal şüaların istiqaməti xüsusi səpələyici linzalar (eynək və ya kontakt) vasitəsilə dəyişdirilir. Linzanın sındırma qüvvəsi (miopik gözün refraksiyasını azaltma qabiliyyəti) dioptriya ilə ifadə olunur. Miopiyanın dərəcəsi «-» işarəsi ilə qiymətləndirilir.

Əksər xəstələrdə yaxından görmə irsi xarakter daşıyır. Valideynləri miopiyadan əziyyət çəkən uşaqlarda bu patologiya 50% hallarda inkişaf edir. Ata və ananın görmə qabiliyyəti normal olduqda isə yalnız 8% uşaqlarda miopiya aşkarlanır. Miopiyanın ən çox rast gəlinən səbəblərinə vizual yüklənmə, iş yerinin qeyri-kafi işıqlandırılması, kompüter və ya televizora alüdəçilik, nəqliyyat vasitələrində kitab oxumağa meyllik aiddir.

Miopiyanın təsnifatı

Miopiya anadangəlmə (göz almasının bətndaxili inkişafının pozulması ilə assosiasiyalı) və qazanılmış (əlverişsiz amillərin təsirindən inkişaf edən) olur. İnkişaf mexanizminə əsaslanaraq, yaxından görmənin ox (göz almasının ölçüsü böyüdükdə) və refraksion formaları (optik mühitin sındırma qüvvəsi həddindən artıq güclü olduqda) ayırd edilir.

Yaxından görmənın il ərzində 1 dioptriya və çox yüksəldiyi hallar proqressivləşən miopiya kimi qiymətləndirilir. Miopiyanın dərəcəsi daim artırsa, bu onun bədxassəliliyindən xəbər verir. Belə vəziyyətlər adətən əlilliklə nəticələnir. Stasionar miopiya proqressivləşmir və linzaların (eynək və ya kontakt) köməyilə korreksiya olunur.

1-2 həftə davam edən tranzitor (müvəqqəti) miopiya büllurun ödemləşməsi və onun sındırma qüvvəsinin artması nəticəsində yaranır. Belə hallara hamiləlik, şəkərli diabet fonunda, kataraktanın ilkin mərhələsində, kortikosteroidlərin və ya sulfanilamidlərin qəbulu zamanı rast gəlinir.

Refraktometriyanın nəticələrinə və tələb olunan korreksiyaya əsasən miopiyanın 3 dərəcəsi qeyd olunur:
  • zəif – < -3 dptr.
  • orta – -3 – -6 dptr.
  • yüksək – > -6
Yaxından görmənin dərəcəsi -30 dioptriyaya qədər yüksələ bilər.

Miopiyanın əlamətləri

Yaxından görmə uzun müddət simptomsuz gedir və əksər hallarda profilaktik oftalmoloji baxış zamanı təsadüfən aşkarlanır. Adətən miopiya məktəb illərində inkişaf edir və ya proqressivləşir. Bu da uşaqların intensiv vizual yüklənmələrlə qarşılaşması ilə əlaqədardır. Uşaqlar lövhədəki yazıları aydın seçə bilmədiyindən ora yaxınlaşırlar və ya gözlərini qıyırlar. Miopiyalı insanlarda həmçinin qaranlıqda görmə pozulduğundan onlar axşam toran düşən vaxtda çətinliklə hərəkət edirlər.

Gözün daim məcburi gərginliyə məruz qalması onun yorulmasına – əzələ astenopiyasına gətirib çıxarır. Belə hallarda göz yuvası, o cümlədən baş nahiyəsində güclü ağrılar meydana çıxır. Miopiya fonunda heteroforiya, monokulyar görmə və xarici müştərək çəpgözlük inkişaf edə bilər.

Proqressivləşən yaxından görmə zamanı bir müddətdən sonra eynək və linzalar miopiyanın dərəcəsinə uyğun olmadığından pasiyentlər tez-tez onları dəyişmək məcburiyətində qalır. Miopiyanın proqressivləşməsi göz almasının dartılması ilə bağlı olub, adətən pubertat dövründə rast gəlinir. Gözün ön-arxa oxunun uzanması göz yarığının genişlənməsi ilə müşayiət olunur, bu da ekzoftalma (dombagözlük) gətirib çıxarır. Ağlı qişa gərilir və nazilir, asanlıqla sezilən damarlar ona göy çalar verir. Şüşəyəbənzər cismin destruksiyası göz önündə tor və ya qara nöqtələrin olması ilə təzahür edir.

Göz alması uzandıqda damarlar dartılır, torlu qişanın qan təhcizatı pozulur, görmə itiliyi zəifləyir. Qan damarlarının kövrəkliyi torlu qişaya və şüşəyəbənzər cismə qansızmaya səbəb ola bilir. Miopiyanın ən ağır fəsadı torlu qişanın qopması nəticəsində yaranan korluqdur.

Miopiyanın müalicəsi

Miopiyanın korreksiya və müalicəsi konservativ (medikamentoz terapiya, eynək və yaxud kontakt korreksiyası), cərrahi və ya lazer üsullarla icra olunur. İldə 1-2 dəfə təkrarlanan medikamentoz kurslar miopiyanın proqressivləşməsinin qarşısını alır. Xəstələrə fiziki yüklənmələri məhdudlaşdırmaq məsləhət görülür. Onlara akkomodasiya spazmını aradan qaldırmaq üçün midriatiklər (fenilefrin), B və C vitaminləri, nootrop vasitələr (pirasetam, qopanten turşusu), toxuma terapiyası (əzələ daxilinə – aloe, şüşəyəbnəzər cisim inyeksiyaları), fizioterapevtik müalicə (lazeroterapiya, maqnitoterapiya, boyun-yaxalıq zonasının masajı, refleksoterapiya) təyin olunur.

Müalicə prosesində ortoptik üsullardan istifadə edilir. Onlara mənfi linzaların köməyilə kirpik əzələsinin məşq etdirilməsi, aparatla müalicə (lazer stimulyasiyası, akkomodasiyanın məşqi) aiddir.

Hazırda oftalmologiyada miopiyanın müalicəsi üçün refraksion və lazer cərrahiyyəsinin 20-dən artıq üsulları mövcuddur. Eksimer lazer korreksiyası buynuz qişanın formasının dəyişdirilməsi, onun sındırma qüvvəsinin normaya salınması hesabına görmə funksiyasını bərpa edir. Lazer korreksiyası -12-15 dioptriyaya qədər olan miopiyalarda tətbiq edilir və ambulator şəraitdə aparılır. Lazer cərrahiyyəsində LASIK, SUPER LASIK, EPILASIK, FemtoLASIK, LASEK, fotorefraktiv keratektomiyaya (FRK) üstünlük verilir. Bu metodlar buynuz qişanın səthinin formalaşdırılmasına və təsir dərəcəsinə görə fərqlənsələr də, mahiyyətcə identikdirlər