Qlaukoma

Qlaukoma

Nərminə Rasim qızı Hacıyeva - Tibb üzrə fəlsəfə doktoru, cərrah-oftalmoloq, Amerika Oftalmoloqlar Akademiyasının üzvü, Hatmedicine klinikasının baş həkimi.

.
Qlaukoma – gözdaxili təzyiqin yüksəlməsi, optik neyropatiyanın inkişafı və görmə funksiyasının pozulması ilə xarakterizə olunan xroniki oftalmopatologiyadır. Xəstəlik görmə sahəsinin daralması, gözlərdə ağırlıq və ağrı hissi, dumanlı görmə, ağır hallarda hətta korluqla təzahür edir. Diaqnoz perimetriya, tonometriya, tonoqrafiya, qonioskopiya, optik koherent tomoqrafiya, lazer retinotomoqrafiyanın nəticələri əsasında qoyulur. Müalicə məqsədilə qlaukoma əleyhinə damcılar, lazer üsullar – iridotomiya (iridektomiya) və trabekuloplastika tətbiq edilir və ya qlaukoma əleyhinə əməliyyatlar (trabekulektomiya, sklerektomiya, iridektomiya, iridosikloretraksiya və s.) aparılır.

Yaranma səbəbləri

Qlaukoma polietioloji xəstəlikdir. Onun patogenetik mexanizminin əsasını gözdaxili mayenin axının pozulması təşkil edir. Normada kirpik (siliar) cisminin sintez etdiyi maye gözün arxa kamerasında – qüzehli qişadan arxada yerləşən yarığabənzər sahədə toplanır.

GDM-nin 85-95%-i bəbəkdən ön kameraya – qüzehli və buynuz qişalar arasındakı hissəyə keçir. Gözdaxili mayenin axını ön kamera bucağında yerləşən, trabekula və şlemm kanalının (skleranın venoz sinusu) əmələ gətirdiyi xüsusi drenaj sistemi ilə təmin edilir. GDM bu strukturlardan skleral venalara axır. Mayenin az bir hissəsi (5-15%) əlavə uveoskleral yollarla hərəkət edərək, kirpik cismindən və skleradan damarlı qişanın venoz kollektorlarına sızır.

Anadangəlmə qlaukomanın inkişafı adətən döldə gözün inkişaf anomaliyaları (ön kamera bucağının disgenezi), şişlər və travmalarla bağlı olur. Bu xəstəlik üzrə ağırlaşmış irsiyyətə malik şəxslər, eləcə də ateroskleroz, şəkərli diabet, arterial hipertoniya, boyun osteoxondrozundan əziyyət çəkən insanlar qazanılmış qlaukomaya meylli olur. Bundan əlavə ikincili qlaukoma digər göz xəstəlikləri: uzaqdan görmə, torlu qişanın mərkəzi venasının okklüziyası, katarakta, sklerit, keratit, uveit, iridosiklit, qüzehli qişanın proqressivləşən atrofiyası, hemoftalm, gözün yaralanmaları və yanıqları, göz nahiyəsində aparılan cərrahi əməliyyatlarla əlaqədar inkişaf edə bilər.

Qlaukomanın təsnifatı

Mənşəyinə görə birincili və ikincili qlaukomalar ayırd edilir. Birincili forma gözün ön kamerası, drenaj sistemi və görmə siniri diskinin sərbəst patologiyasıdır. İkincili qlaukoma isə ekstra və intraokulyar pozğunluqların ağırlaşması kimi yaranır.

Gözdaxili təzyiqin yüksəlmə mexanizminə əsasən birincili qlaukoma qapalıbucaqlı və açıqbucaqlı formalara bölünür. Birinci halda gözün drenaj sistemində daxili blok müşahidə edilir, ikincidə isə ön kamera bucağı açıq olsa da, GDM-nin axını pozulur.

Gedişinə görə qlaukoma stabil (6 ay ərzində mənfi dinamikanın olmaması) və qeyri-stabil (təkrar müayinələrdə görmə sahəsinin və GSD-nin dəyişməsi) olur.

Qlaukomanın 4 mərhələsi ayırd edilir:
  • I (başlanğıc mərhələ) – parasentral skotomalar, optik diskin genişlənməsi müəyyən edilir. Görmə siniri diskinin ekskavasiyası onun kənarına çatmır.
  • II (inkişaf etmiş mərhələ) – görmə sahəsi parasentral sahədə pozulur, aşağı və/və ya yuxarı gicgah seqmentində 10° və daha artıq daralır; GSD-nin ekskavasiyası kənar xarakterli olur.
  • III (ifrat inkişaf etmiş mərhələ) – görmə sahəsinin sərhədlərinin konsentrik daralması, GSD-nin kənar subtotal ekskavasiyası aşkarlanır.
  • IV (terminal mərhələ) – mərkəzi görmənın tam itirilməsi və ya işıq duyğusunun saxlanılması izlənilir. Görmə siniri diskinin vəziyyəti total ekskavasiya, neyroretinal həlqənin destruksiyası və damar kələfinin yerdəyişməsi ilə xarakterizə olunur.


Qlaukomanın əlamətləri

Açıqbucaqlı qlaukoma simptomsuz gedir. Görmə sahəsinin daralması tədricən baş verir, bəzən bir neçə ilə proqressivləşir. Bu səbəbdən xəstələr yalnız 1 gözlə gördüklərini təsadüfən aşkar edirlər. Bir sıra pasiyentlər dumanlı görmədən, göz önündə rəngli həlqələrin yaranmasından, baş nahiyəsi və qaşüstü qövsdə ağrılardan, qaranlıqda görmənin zəifləməsindən şikayət edirlər. Açıq qlaukoma zamanı adətən hər iki göz zədələnir.

Qapalıbucaqlı formanın gedişində preqlaukoma, kəskin tutma və xroniki qlaukoma fazaları ayırd edilir.

Preqlaukoma simptomatikanın olmaması ilə səciyyələnir və oftalmoloji müayinədə gözün ön kamerasının dar və ya qapalı bucağının təyini ilə müəyyən edilir. Preqlaukoma fazasında xəstələr işığa baxanda rəngli həlqələr görür. Görmə qabiliyyəti qısa müddətli itirilir.

Zamanla qlaukoma xroniki gediş alır və GDT-nin proqressiv şəkildə yüksəlməsi, residivləşən yarımkəskin tutmalar, gözün ön kamerası bucağının blokadasının güclənməsi ilə səciyyələnir. Xroniki qlaukoma optik sinirin atrofiyası və görmə qabiliyyətinin itirilməsi ilə nəticələnir.

Qlaukomanın müalicəsi

Qlaukomanın tipindən asılı olaraq, müalicə konservativ (medikamentoz), cərrahi və lazer üsulla icra olunur. Medikamentoz müalicə GDT-nin azaldılması, görmə sinirinin gözdaxili şöbəsinin qan təhcizatının yaxşılaşdırılması, göz toxumalarında metabolizmin normaya salınması məqsədi daşıyır. Qlaukoma əleyhinə damcılar təsir xüsusiyyətlərinə görə 3 qrupa bölünür:
  • Gözdaxili mayenin axınını yaxşılaşdıran preparatlar: miotiklər (pilokarpin, karbaxol); simpatomimetiklər (dipivefrin); F2 alfa prostaqlandinlər (latanoprost, travoprost).
  • Gözdaxili mayenin sintezini inhibə edən vasitələr: selektiv və qeyri-selektiv ß-adrenoblokatorlar (betaksolol, timolol və s.); α- və β-adrenoblokatorlar (proksodolol).
  • Kombinəolunmuş təsirə malik preparatlar.


Qlaukomanın lazer cərrahiyyəsinin üsulları müxtəlifdir. Onlar bir-birindən lazerin tipi (arqon, diod, neodim), təsir üsulu (koaqulyasiya, destruksiya) və obyekti (trabekula, qüzehli qişa) və s. ilə fərqlənir. Lazer cərrahiyyəsində lazer iridotomiya və iridektomiya, iridoplastika, trabekuloplastika, qoniopunkturaya daha çox üstünlük verilir. Qlaukomanın ağır dərəcələrində lazer siklokoaqulyasiyası yerinə yetirilə bilər.

Oftalmologiyada qlaukomaəleyhinə əməliyyatlar da öz aktuallığını qorumaqdadır. Nüfuzedici əməliyyatlar arasında trabekulektomiya və trabekultomiya geniş yayılmışdır. Nüfuzetməyən müdaxilələrə dərin sklerektomiya aiddir. İridosikloretraksiya, iridektomiya gözdaxili mayenin sirkulyasiyasının normallaşmasına istiqamətləndirilir. GDM-nin sintezini azaltmaq üçün siklokriokoaqulyasiya həyata keçirilir.