

Daxili çəpgözlük.
-yaranma səbəbləri
-diaqnostikası
-müalicəsi və müalicə olmadığı halda ağırlaşmaları
Çəplik kosmetik defekt olmaqla yanaşı həm də daha qəliz, beynimizlə əlaqəli olan bir prosesdir. Normal çəpliyi olmayan insanlar 2 göz ilə baxır, obyeykti bir görür, çünki gözlərimizdə yaranan iki şəkil birləşir və bir xəyal (obraz) yaranır. Bu birləşməni beyin yaradır və birləşmə qabiliyyəti düz 15 yaşına qədər daha da mükəmmməlləşir və bu səbəblə gözlərimizdə stereoskopik görmə, yəni 3D həcmli görmə yaranır. Bu proseslər çəplik olan uşaqlarda inkişaf eləmir, çünki bir göz çəpləşir və həmin göz sönür, yəni görmə qabiliyyətində artıq iştirak etmir.
Refraksion qüsurlar görmə zəifliyi yaradır və adətən hansı gözdə zəifliyin dərəcəsi nisbətən daha çoxdursa, həmən göz əyilir. Bu halda ətrafdakılar əsasən uşaqda görmə zəifliyini hiss etmir, çünki görmə var. Bəs görmə itiliyi, görmə faizi nə qədərdir? 30-40% görmə ilə uşaq sərbəst orientasiya edə bilər, xırda cismləri yerdən götürər, oxuya bilər və əksər hallarda heç vaxt zəif görməsindən şikayət etməz. Ona görə uşaqlarınızın gözündə heç bir şikayətləri olmadığı halda belə, bütün uşaqları 1 yaşında göz müayinəsindən keçirmək şərtdir!
Təbii ki, əgər çəplik 2,3,4 ayında baş verirsə,1 yaşın olmasını gözləmək qəti olmaz və valideynlər dərhal göz həkiminə müraciət etməlidirlər. Yaranma müddətindən sonra, nə qədər tez pasiyent müraciət etsə, bir o qədər tez çəplik müalicə oluna bilər. Vaxt keçdikcə, uşaqların artıq göz əzələlərində gərginlik yaranır və heç bir konservativ müalicə üsulları artıq kömək etmir və biz əməliyyat etməyə məcbur oluruq.
Bəzi pasiyentlər müalicə istiqamətini düzgün seçmirlər, vaxtlarını baş - beyin təzyiqi müalicə etməklə itirirlər. Qeyd etmək lazımdır ki, baş-beyin təzyiqi deyilən bir diaqnoz yoxdur və baş-beyin təzyiqinin çəpliyin yaranmasında heç bir təsiri yoxdur.
Bununla belə, pasiyent və ya pasiyent yaxını şikayətlənə bilərlər ki, çəplik yıxılmaqdan, yüksək hərarətdən (qızdırmadan) və yaxud peyvənddən sonra yarandı. Unutmaq olmaz ki, hər uşaq yıxılır, hərarəti qalxır, peyvənd olunur, amma hamısında çəplik yaranmır, çünki bu faktorlar çəpliyin yaranmasında əsas rol oynamır. Bunlar sadəcə onsuz da gec tez yaranacaq çəpliyə bir az da təkan verirlər.
Bələliklə çəpliyin yaranmasında əsas faktorlar refraktiv qüsurlardır. Əgər uşaqda az və ya çox, periodik və ya mütəmadi çəplik hiss edilirsə, göz müayinəsi mütləqdir!
Çəpliyin əsas 3 müalicə üsulu var:
1. Eynək korreksiyası
2. Xüsusi ortoptik və diploptik müalicələr (apparatlar vasitəsi ilə)
3. Əməliyyat yolu ilə
İlk növbədə hər müalicə dəqiq eynək təyinindən ibarət olmalıdır. Bunun üçün refraktiv qüsurlar dəqiq ölçülməlidir. Yəni miopiyanın, hipermetropiyanın, astiqmatizmin dərəcəsi və astiqmatizmin oxu (1-180 dərəcəyə qədər hər uşaqda fərqlidir) müəyyənləşdirilməlidir. Əgər astiqmatizmin oxunun və seçildiyi eynəkdə astiqmatizmin oxunun aralarında 4-5 dərəcədən artıq fərq olsa, həmən eynək qeyri-dəqiq sayılır və bu müalicə səhf gedə bilər. Ona görə dəqiq eynək seçimi çox vacibdir. Bunun üçün refraktiv qüsurlar bir neçə üsul ilə ölçülməlidir: xüsusi apparatlar vasitəsi ilə və retinoskopiya üsulu ilə (retinoskopiya zamanı həkim özü refraktiv qüsuru ölçür).
5-6 yaşdan yuxarı olan uşaqlarda dəqiq eynək təyini nisbətən daha asandır, çünki bu uşaqlarda refraktiv qüsur adi stasionar avtorefraktometr vasitəsi ilə ölçülə bilər. Bu refraktometrdə başın düz pozisiyası və gözün düzgün nişana baxılması çox vacib rol oynayır. Əks halda, yəni pasiyent başını əyəndə və düzgün baxmayanda, ölçülər qeyri-dəqiq ola bilər. Əlbəttə ki, 1, 2, 3 yaşından balaca olan uşaqlarda bu cür refraktometrlərdən istifadə olunması qeyri-mümkündür. Bu uşaqlarda xüsusi uşaq refraktometrlərindən istifadə olunmalıdır. Bu refraktometrlərdə uşağın çənəsinin cıhaza qoyulması, alnını söykəməsi, nişana baxmasına artıq ehtiyac olmur. Refroktometr 1 metr məsafədən çəkir, gözə toxunmadan və bir neçə saniyə ərzində refraktiv qüsur barədə dəqiq məlumat verir.
Təyin olunan müalicədən sonra pasiyent 1, 6 və 12 ay sonra təkrar oftalmoloji müayinədə olmalıdır. Bu müddət ərzində müalicənin sonrakı etaplarında əməliyyata ehtiyacı olub olmaması artıq məlum olur. Əgər eynək ilə gözlər simmetrik vəziyyətdədirsə (düzdürsə), yalnız eynəyi çıxaranda gözlər çəpləşirsə, bu halda əməliyyata ehtiyac yoxdur. Əgər eynək taxanda gözlərdə yenə də çəplik hiss olunursa, əməliyyata ehtiyac var.
Əgər gözlər növbə ilə çəpləşirsə, ya sağ ya sol, onda bu gözlərdə adətən çəplik ilə əlaqədar görmə tənbəlliyi yaranmır. Əgər gözlərin birində o birisinə nisbətən çəplik dahaçoxdursa və daha tez-tez əyilirsə, həmən gözdə disbinokulyar ambiliopiya, yəni çəplik ilə əlaqədar görmə tənbəlliyi yaranır. Pasiyent vaxtaşırı müayinə və müalicə olmadıqda, qeyri- düzgün fiksasiya yaranır, yəni artıq göz torlu qişanın düzgün mərkəzi olan sarı ləkə ilə fiksə etmir. Belə gecikmiş hallarda hətta müalicə ilə belə görməni 10%-dan yuxarı qaldırmaq mümkün olmur. Məhs buna görə, çəplik yaranandan sonra dərhal gözü düz qoymaq lazımdır, ya eynək (kömək etməyəndə - əməliyyat vasitəsi ilə) ki, belə hallar, ağırlaşmalar yaranmasın. Əməliyyat gec yaşlarda olunursa, gözlər kosmetik düz qoyulur, lakin görmədə zəiflik qala bilər, birləşmə qabiliyyəti yaranmır, həcimli görmə yaranmır, yəni daxili çəplik kökündən getmir.
Əməliyyat müalicənin bir etapıdır. Əməliyyatdan sonra eynək ilə müalicə davam edir. Əməliyyatı erkən etmək lazımdır. Çünki gec olunduğu təqdirdə yuxarıda qeyd etdimiz stereoskopik görmə, yəni 3D həcmli görmə yaranmır. Əgər uşaqda refraksion qüsur yüksək deyilsə, görmə itiliyi artıq 100%, birləşmə qabiliyyəti və stereo yaranıbsa, bu hallarda uşağ eynək taxmaqdan azad oluna bilər. Əgər uşaqda astiqmatizm varsa, ya da yüksək miopiya, hipermetropiya varsa, eynək düz 15 yaşına qədər taxılmalıdır. Çünki taxılmadığı halda, görmə zəifliyi yarana bilər. 15 yaşından sonra vaxtında müalicə olunmuş uşaqların görmə itiliyi adətən eynəksiz də yaxşı olur. Əgər pasiyentlər hiss edirlər ki, görmə eynək ilə daha yaxşıdır, bu halda 18-19 yaşdan sonra eksimer lazer oluna bilər, bir neçə saniyəyə eynəkdən azad ola bilərlər.